
Böyük Britaniyada fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatının təsis etdiyi “Baku United” futzal klubu İngiltərə çempionatında zəfər yürüşünü davam etdirir. Apasport.az saytının məlumatına görə, “Baku United” may ayının 31-də ardıcıl olaraq ikinci dəfə İngiltərə çempionatının qalibi olub və növbəti mövsüm yenidən İngiltərəni UEFA Futzal Kubokunda təmsil edəcək.
Qeyd edək ki, “Baku United” cari mövsümün şəksiz favoriti olub. Mövsüm ərzində “bakılılar” cəmi bir oyunu heç-heçə bitirərək, digər bütün qarşılaşmalardan qalib ayrılıb və rəqib qapılarından 120-dən çox qol keçirib.
May ayının 31-də İngiltərə Futzal Assosiasiyasının Mərkəzi – “Seynt Corc Park”da keçirilən Böyük Finalda “Baku United”dən başqa “Helvesia”, “Mançester FK” və “Lofboro” klubları ilə üz-üzə gəlib. Püşkatmanın nəticəsinə görə, “Baku United” yarımfinalda əzəli rəqibi “Helvesia” ilə qarşılaşıb. Qeyri-rəsmi final adlandırılan bu qarşılaşmada “Baku United” 3-1 hesabı ilə qalib gələrək, finala yüksəlib. Final qarşılaşmasında “Baku United”in rəqibi “Lofboro”ya qalib gəlmiş “Mançester futzal klubu” olub. Oyun tamamilə “bakılıların” üstünlüyü şəraitində keçib və nəticədə komandamız rəqibini 5-1 hesabı ilə darmadağın edib.
Beləliklə, “Baku United” futzal klubu İngiltərənin 2013-2014-cü illər mövsümünün çempionu adını qazanıb. Klubun vitse-prezidenti, “Odlar Yurdu” təşkilatının İdarə Heyətinin üzvü İlqar Nağıyevin bildirdiyinə görə, “Baku United” sadəcə idman layihəsi deyil, onun əsas məqsədi Böyük Britaniya ictimaiyyətinə ölkəmizin tarixi, mədəniyyəti və keçdiyi inkişaf yolu haqqında məlumat verilməsidir. İlqar Nağıyevin sözlərinə görə, Bakı adını daşıyan və gerbində şəhərin rəmzləri olan klubun İngiltərə kimi ölkənin UEFA yarışlarında yeganə təmsilçisi olması qürurvericidir.